Məni Sağlığımda Yoxla / Aydın Qazaxlı



Demirəm dağlardan mənə qar gətir,

Meyvəsiz bağlardan mənə bar gətir.

Divardan əl boyda daş qopar gətir,

Məni sağlığımda yoxla, bəsimdir.

Məni ağ kəfənə büküməyə nə var,

Torpağı üstümə tökməyə nə var,

Bazardan gül alıb əkməyə nə var,

Məni sağlığımda yoxla, bəsimdir.

Sinəmi oxlayıb, dağlama mənim,

Yolumu, izimi bağlama mənim,

Yeddimi, qırxımı saxlama mənim,

Məni sağlığımda yoxla, bəsimdir.

Cırma üz gözünü tökmə göz yaşı,

Yığma dost-tanışı, qohum-qardaşı.

Neynirəm süfrədə yağlı bozbaşı,

Məni sağlığımda yoxla, bəsimdir.

Mən yazıq Aydın’ı gətirmə dilə,

Beş günlük dünyadır yaxşılıq eylə.

Öləndə düşmən də ağlayır lələ,

Məni sağlığımda yoxla, bəsimdir.

One thought on “Məni Sağlığımda Yoxla / Aydın Qazaxlı

Leave a Reply to Okusana.ORG Cancel reply

Your email address will not be published. Required fields are marked *